Banklardakı əmanətlər niyə azalır | TƏHLİL

   Banklardakı əmanətlər niyə azalır    | TƏHLİL
  31 Oktyabr 2023    Oxunub:7925
Bu ilin iyul və avqust aylarında əhalinin banklardakı əmanətlərinin həcminin azalması nədənsə daha çox fevral ayında bu sahədə dividentlər üzrə gəlir vergisinin bərpa olunması ilə izah edilir. Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən yerli banklar və xarici bankların ölkəmizdə fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin 7 il vergidən azad edilməsi haqda qərarın vaxtı bitdi.
Lakin doğrudanmı, bu hadisə banklardakı vəsaitlərin azalmasında əsas rol oynayır? Əgər belədirsə, çıxış yolu nədədir?

Banklarda fiziki şəxslərin, yəni əhalinin əmanətlərinin azalması bu il ilk dəfə fevral ayında 0,2% səviyyəsində qeydə alınsa da, sonrakı aylarda - martda, apreldə, mayda və iyunda əmanətlərin həcmi artıb. Deməli, məsələ vergi tutulmasının bərpa olunmasında deyil.

İyulda əmanətlərin azalması əvvəlki aya nisbətən 0,3%, avqustda isə 1% təşkil edib. Göründüyü kimi, temp sürətlənib. Niyə? Bu, davamlı xarakter daşıya bilərmi?

Banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasının bərpası əhalidə narazılıq doğurmuşdu. Bunun başlıca səbəbi bizim güzəştlərə çox öyrəncəli olmağımızdır. İndiyədək iqtisadiyyatın bir çox sahələrində müxtəlif güzəştlər tətbiq edilib və yenə də edilir. Bunlar müddətli xarakter daşıyır və müddəti bitən kimi ya uzadılır, ya da ləğv olunur. Çoxu hələ ki, uzadılır. Ancaq dünya praktikasına nəzər salsaq, inkişaf etmiş ölkələrdə gəlir gətirən nə varsa, vergiyə cəlb olunduğunu görərik. İstər sahibkar olsun, istər fiziki şəxs, istər işəgötürən olsun, istər işçi – hamısı əldə etdiyi gəlirlərdən və əməkhaqqından dövlət büdcəsinə müxtəlif adda vergi və rüsumlar ödəyirlər.

Ölkəmizdə sözügedən vergi güzəşti cəmi 7 il mövcud olub. 2016-cı ilin fevralınadək bizdə də banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulurdu. Söhbət, əmanətin özündən deyil, onun il ərzində gətirdiyi dividenddən, yəni gəlirdən tutulan vergidən gedir. Yəni cəmi 10%-dən. Odur ki, vergi güzəştinin ləğvi əhalinin əmanətlərinin azalmasına səbəb ola bilməz. Əvvəla, ölkədə maliyyə sarıdan vəziyyət sabitdir, ikincisi, manatın dəyəri möhkəmdir, üçüncüsü, xarici valyuta ilə yığıma maraq yoxdur.

Əmanətlərin həcminin azalması başqa amillərlə əlaqədardır:
• Ölkədə inflyasiya və istehlak qiymətlərinin davamlı bahalaşması səbəbindən əhali gəlirlərin bir hissəsinin əvvəlkitək yığıma yönəldə bilmir;
• Banklar tərəfindən depozitlər üzrə təklif olunan gəlirlik səviyyəsi insanları qane etmir;
• Bankların özlərinə inamla bağlı da ciddi suallar var.


Əhalinin əmanətlərinin aşağı düşmə səviyyəsi o qədər çox deyil. Azalma il ərzində yalnız fevral, iyul və avqust aylarında qeydə alınıb ki, sonuncu iki ay əhalinin xərclərinin adətən artıdığı vaxt sayılır.

2015-ci ildə verginin dayandırılmasına səbəb iki devalvasiyadan sonra ölkənin bank sektorunun fəlakətə düçar olması idi. Camaat əmanətlərini banklardan çəkməyə başlamışdı. Bunun qarşısını almaq üçün stimullaşdırıcı tədbirlərdən biri kimi depozitlər üzrə gəlir vergisi ləğv olunmuşdu. İndi onun bərpası müəyyən qrup vətəndaşlarda anlaşılmazlıq yaradıb. Ancaq vergi əmanətin həcmindən deyil, faiz gəlirindən tutulur və bu qayda dünyanın hər yerində mövcuddur.

Əmanətçilər üçün əslində əsas cəhət bankların təklif etdikləri gəlirlik səviyyəsi və əmanətlər üzrə sığorta faiz dərəcəsidir. Xatırladım ki, milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsi hazırda maksimum 12%, xarici valyutada isə 2,5% təşkil edir.
Belə vəziyyətdə banklara əmanət yerləşdirilməsi əhali üçün cəlbediciliyini itirib. Vətəndaşlar artıq bunda stimul görmürlər. Banklar isə bu sahədə heç bir yenilik tətbiq etmək niyyətində deyillər.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Bank   Əmanət  





Xəbər lenti